Avtomobil markaları təhlükəsizliyin təmin edilməsi üçün maksimum dərəcədə səy göstərir.
Bunun üçün müxtəlif vasitələrdən istifadə edilir və ən əsası təhlükəsizlik məsələsi istehsal prosesində dəqiq nəzərdən keçirilir. Hava yastıqları, təhlükəsizlik kəmərləri tətbiq edilir və təkmilləşdirilir. Əlbəttə ki, uşaqlar üçün də bu vacib məsələ nəzərə alınmalıdır. Bu məqaləmizdə avtomobildə uşaqların təhlükəsizliyi məsələsilə bağlı bir sıra məsələləri qeyd etmişik.
Uşaq avtokreslosu – təzə doğulduğu vaxtdan etibarən 12 yaşına kimi uşaqların avtomobildə daşınması üçün nəzərdə tutulmuş xüsusi oturacaqdır. 36 kq-a qədər balaca sərnişinlərin təhlükəsiz daşınması üçün təyin edilmişdir. Yol Hərəkəti Qaydalarında o, saxlayan qurğu adlanır. Uşaq avtokreslosu qəza zamanı ciddi travmaların olması şansını azaltmağa və maşında uşağın təhlükəsizliyini təmin etməyə şərait yaradır.
Uşaqların təhlükəsizliyini tam formada təmin etmək üçün avtokreslolar yaş qrupuna və çəkiyə görə beynəlxalq standartlara əsasən 3 formada qruplaşdırılıb:
1. 0-13 kq və ya 0-12 ay – bu zaman avtomobilin gediş istiqamətinin əksinə olan uşaq avtokreslolar məsləhət görülür.
2. 9-18 kq və ya 1-4 yaş – bu zaman həm arxaya, həm də önə baxan avtokreslolardan istifadə oluna bilər. Mütləq uşağın qarşısındakı təhlükəsizlik kəmərləri bağlanmalıdır.
3. 15-36 kq və ya 4-11 yaş – bu müddətdə isə arxası yüksək olan avtokreslo və ya dəstək avtokreslo ilə qorunmalıdır. Təhlükəsizlik kəmərləri də mütləq bağlanmalıdır və heç bir zaman qolun altından keçməməlidir.