Avtomobil mühərriki – hər hansı bir enerjini avtomobili hərəkətə gətirmək üçün lazım olan mexaniki enerjiyə çevirən mühərrikdir.
Avtomobil mühərriki kimi daxili yanma mühərriki, xarici yanma mühərriki (buxar mühərriki və Stirlinq mühərriki), elektrik, əvvəlcədən burulub açılmış çarxın enerjisindən və ya təzyiq altındakı qaz enerjisindən istifadə edən mühərriklər tətbiq oluna bilər.
Müasir avtomobillərdə, əsasən, daxili yanma mühərrikindən istifadə edilir. Daxiliyanma mühərriki konstruksiyasına görə rotorlu və porşenli olur. Geniş yayılmış porşenli avtomobil mühərriki silindrlərinin sayına və yerləşməsinə, işçi həcminə (litraj), təyinatına və s. görə növlərə ayrılır. Porşenli daxiliyanma mühərrikinin silindrlərinin sayı 1-dən 16-ya qədərdir. Birsilindrli mühərrikin işi müntəzəm olmadığından avtomobillərdə nadir hallarda quraşdırılır. Silindrlərin sayı artdıqca mühərrikin işinin müntəzəmliyi və avtomobilin hərəkət səlisliyi yüksəlir. Bununla yanaşı sürtünmə itkiləri artdığına görə avtomobillərdə 12-dən artıq silindr nadir hallarda tətbiq edilir. İş prosesinin xarakterinə görə dördtaktlı və ikitaktlı, yanacağın alışdırılma üsuluna görə qığılcım (karbüratorlu, yaxud benzinlə işləyən mühərrik də deyilir) və sıxılma ilə alışdırılan (dizel mühərriki) daxiliyanma mühərrikilər olur.