Avtomobildə əsas xüsusiyyətlər və onların növləri

Avtomobil – avtonom enerji mənbəyi (daxili yanma, elektrik mühərrikləri və s.) ilə hərəkətə gətirilən və sükanla idarə edilən relssiz nəqliyyat vasitəsi. Avtomobil hərəkət etdirici orqanı ilə (təkər, tırtıl, xizək) dayaq səthi (yol, torpaq) arasında yaranan ilişmə qüvvəsi nəticəsində hərəkət edir; minik avtomobili, yük avtomobili, avtobus və xüsusi təyinatlı avtomobillərə ayrılır. Bu avtomobil tipləri də müxtəlif əlamətlərə görə təsnif olunur. Məsələn: minik avtomobili mühərrikinin həcminə, qaabarit ölçülərinə, kuzasının (kuzovunun) tipinə (qapalı, açılabilən və açıq kuzalı) görə siniflərə ayrılır. Qeyd edək ki, ilk avtomobillərdə dairəvi sükan olmayıb – sürücülər avtomobili rıçaqın köməyi ilə idarə edib.

Avtomobilləri xarakterizə edən əsas xüsusiyyətlər aşağıdakılardır:

  • Funksional,
  • İstehlak xüsusiyyətləri
  • İctimai təhlükəsizlik

İndi isə bu xüsusiyyətlər barədə daha ətraflı məlumat verək.

Avtomobillərin öz əsas funksiyasını (sərnişin, yük, avadanlıq daşımaq) səmərəli yerinə yetirməsi onların nəqliyyat vasitəsi kimi funksional xüsusiyyətidir. Bu xüsusiyyətlərə dartı-sürətlənmə və tormozlanma, idarəolunma, dayanıqlıq, yanacaq qənaətliliyi, manevretmə, keçicilik qabiliyyəti, hərəkət səlisliyi və s. daxildir.

İstehlak xüsusiyyətləri sürücü və sərnişini qane edən rahatlıq səviyyəsi (qızdırıcı, kondisioner, iqlim nəzarətçisi və s.), audiosistemin keyfiyyəti, servointiqal (elektrik şüşəqaldırıcılar, qapıların məsafədən kilidlənməsi və s.), salonun üzlük materialının keyfiyyəti, ətraf mühitlə əlaqə qurğularının (telefon, televizor, naviqasiya sistemi) olması, xarici görünüşü və s. özündə birləşdirir.

av_2_copy_copy_copy.jpg

Avtomobilin ictimai təhlükəsizlik xüsusiyyətini (aktiv, passiv, qəzadansonrakı və ekoloji) təmin edən vasitələr dövlət tərəfindən tənzimlənir və avtomobilin xəttə buraxılmasından əvvəl və həmçinin bütün istismar müddətində nəzarət edilir. Təhlükəsizlik məsələsi, ümumiyyətlə, həm də alıcıların avtomobil alarkən diqqət etdiyi əsas məqamlardan biridir və bu meyar onların qərarlarına əsaslı təsir göstərir. Təhlükəsizlik vasitələri və gödtəriciləri bir neçə növə bölünür, bunlar aşağıdakılardır: Aktiv təhlükəsizlik vasitələri (məsələn: sükan idarəsinin gücləndiriciləri) yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalının azaldılmasına yol verir.

Passiv təhlükəsizlik vasitələri (təhlükəsizlik kəmərləri, qəza yastıqları) isə hadisələrin nəticələrini yüngülləşdirməyə xidmət edir. Təhlükəsizlik yastığının sürəti bir saniyədə 5000 km/saata çatır. Təhlükəsizlik yastıqları elə hazırlanıb ki, toqquşmadan sonra 40 millisaniyə ərzində açılırlar.

Qəzadan sonrakı təhlükəsizlik isə qəzaya düşmüş avtomobil dayandıqdan sonra qəzanın nəticələrini tez aradan qaldırmaq və yeni qəza vəziyyətinin yaranmasının qarşısını almaq imkanı ilə müəyyən edilir.

Bundan başqa ekoloji təhlükəsizlik də vardır ki, bu onu ifadə edir ki, avtomobil ətraf mühitə nə qədər zərər vermişdir. Bu baxımdan müasir dövrdə alternativ enerji ilə çalışan avtomobillərin istehsalı genişləndirilməkdədir. Buraya elektoravtomobillər, hibrid avtomobillər daxil edilir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0