Avtomobilin yanacaq sərfiyyatının nə qədər olduğu hər zaman bütün sürücüləri maraqlandırır.
Zavod məlumatları bir çox hallarda həqiqəti tam əks etdirmir. Həmçinin yanacaq sərfiyyatının bir çox amillərdən asılı olduğunu nəzərə alsaq özümüz öyrənmək istəyirik.
Müasir avtomobillərdə maraqlı xüsusiyyətlərdən biri də nə qədər yanacaq qaldığını həmçinin sərfiyyatın avtomatlaşdırılmış sistemlə hesablanaraq sürücünün asanlıqla görə biləcəyi şəkildə ekrana çıxarmasıdır. Həmçinin bu göstəricini günlük, cari vaxta uyğun, həftəlik görə bilirik. Bu göstəricilər yanacaq sərfiyyatına qənaət etməyimizdə, səyhəti planlamağımızda bizə kömək edir. Yanacaq sərfiyyatını empirik metodla da edə bilərik. Bunun üçün nə etmək lazım olduğu barədə aşağıda qeyd edilib.
Əlbəttə ki, ilk olaraq avtomobilin yanacaq çənini yanacaq doldurma məntəqəsində tam doldururuq. Yanacaq doldurma məntəqəsində istifadə edilən avtomatın hansı olduğunu yadda saxlamaq lazımdır. Çünki təkrar doldurma zamanı eyni avtomatdan istifadə etməliyik.
Avtomobildə gedilən məsafələrin göstəriciləri olur. Burada ümumi göstərici sadəcə oxumaq üçündür. Həmin göstəricini dəyişə bilmirik. Günlük göstəricini isə sıfırlamaq olur. Yanacağı dolduran kimi yola düşməzdən öncə bu günlük göstəricini sıfırlayırıq. Daha sonra yanacaq sərfiyyatının nə qədər olduğunu hansı tip yolda öyrənmək istəyiriksə elə yolda da sürməliyik. Bu halda daima istifadə etdiyimiz yolu seçməyimizdə fayda vardır. Yanacaq sərfiyyatıını hesablayaraq özümüz üçün hesablama aparıb yanacağa qənaət edə bilərik. Məsələn şəhərdaxili sərfiyyat maraqlıdırsa şəhərin içində sürürük. Əksər hallarda vtomobilin yanacaq sərfiyyatından danışdıqda 100 km üçün nə qədər yanacaq sərf eydiyi ilə maraqlanırıq.
Lakin 100 km-lik yolda sərfiyyatı bilmək üçün 100 km sürmək vacib deyil. Amma bir məqam da qeyd edilməlidir ki, çox sürmək göstəricini də bir o qədər həqiqətə yaxın edir. Deyək ki, artıq yola düşdük. Avtomobili müəyyən qədər sürdükdən sonra yenə həmin yanacaq doldurma məntəqəsinə gedib həmin avtomatın eyni tapançası ilə çən dolana qədər yanacaq vururuq. Avtomatın vurduğu yanacağın miqdarını birinci doldurmadan sonra gedilən yola bölüb 100-ə vururuq. Bu da bizim avtomobilin 100km-də işlətdiyi yanacağın miqdarını göstərəcək.
Sərfiyyat = (Yanacaq / Gedilən yol) × 100
Bir nümunə ilə izah etsək:
Yanacaq vurduqdan sonra 85 km yol gedib yenidən yanacaq doldurma məntəqəsinə çatırıq. Eyni avtomat 10 litr yanacaq doldurduqdan sonra atırsa sərfiyyat (10/85)×100 = 11.7 litr olacaq.